Tərcümə bəşəriyyətin mədəni inkişafında mühüm rol oynayır. Tərcümə sahəsində bir ölkənin xalqı digər ölkə xalqlarının həyatı, məişəti, tarixi, ədəbiyyatı, elmi nailiyyətləri və s. ilə tanış olur. Yəqin ki, bəşər cəmiyyətində, onun inkişafında tərcümənin rolunu qiymətləndirməyən bir insan tapılmaz. Tərcümə bütün dünyanı bir-birinə birləşdirən ən qüdrətli vasitələrdən biri olmuş və olmaqda davam edir. Tərcümə müxtəlif qəbilələrin xalq və millətlərin birbirini başa düşməsində, elə bir rol oynayır ki, onsuz bəlkə də bir-birindən təcrid olunar və ümumiyyətlə inkişafdan qalardı. Tərcümə millətlərin bir-birinə yaxınlaşması, dostlaşması, bir-birinin inkişafından bəhrələnməsi və bir-biri ilə əməkdaşlıq etməsinin əsasını təmin edən bir aktdır. Bunun bir həqiqət olduğunu insanlar hələ qədim zamanlardan başa düşmüş və bu lazımlı sənət yolunda ömürlərini sərf etmişlər. Əgər tərcümə sənəti olmasaydı biz bu gün nəinki Qərbin, hətta bir hissəsi olduğumuz Şərqin də elmindən, mədəniyyətindən bəhrələnə bilməzdik. Yəqin ki, yunan filosoflarının ibri dilinə tərcümə edilməsindən müstəsna rolu olan məşhur əsərlər olmasa idi, bu gün Avropa bu misilsiz xəzinədən bixəbər olar, XII əsrdə Şərq aləmində tayı-bərabəri olmayan «tərcümə mərkəzi» olmadan Qərb bütün şərq, o cümlədən də yəhudi mədəniyyətindən xəbər tuta bilməzdi. Heç şübhə yoxdur ki, hələ e.əvv. inkişaf etməyə başlamış tərcümə sənətindən çox-çox əvvəl şifahi tərcümə mövcud idi və şərq dünyasının müxtəlif-bir-birindən bu və ya digər dərəcədə uzaq olan ölkələri eləcə də onlara yaxın olan ərazilərdə yerləşən ölkələri siyasi, ticari əlaqələr birləşdirirdi. Əlbəttə, belə əlaqələrin mövcud olmasında, inkişafında şifahi tərcümənin müstəsna rolu olmuşdur. Tərcümə böyük dövlət əhəmiyyəti olan bir məsələdir. Buna görə də tərcüməçilik sahəsində tərcüməçinin rolu çox böyükdür. O, yüksək təhsilli, geniş və hərtərəfli biliyə malik bir insan olmalıdır. Elmi-texniki ədəbiyyat sahəsində çalışan tərcüməçi öz ixtisasını yaxşı bilməli, qəzet və publisistik materialların tərcüməsi ilə məşğul olan adam dövri mətbuatla bilavasitə əlaqədə olmalı, müasir beynəlxalq hadisələri yaxşı bilməli, tarixi, iqtisadiyyatı, coğrafiyanı hərtərəfli mənimsəməli, ümumi filoloji biliklərə yiyələnməlidir. O, hər iki dili gözəl bilməlidir. Tərcümə nəzəriyyəsi nəinki tərcümənin məqsəd və vəzifələrini müəyyənləşdirir, eyni zamanda tərcümə problemlərinin həlli yollarını da göstərir. Onun vəzifəsi iki dilin leksik, qrammatik, stilistik cəhətdən uyğunluqlarını aşkara çıxarmaq, fərqli cəhətləri göstərməkdir. Tərcümə nəzəriyyəsi heç də tərcümə etmək üçün göstəriş formulların məcmusu deyildir. Qarşıya çıxan bir çox məsələlər tərcüməçidən çox vaxt şəxsi təşəbbüs tələb edir. Tərcüməçinin məharəti və hazırlığı da məhz belə çətinliklərin düzgün həllini tapmasında və toplanmış təcrübədən düzgün istifadə etməsindədir. Əlbəttə, tərcümə olunan materialın dəqiqliyi onun xarakterindən də asılıdır. Məsələn, elmi-kütləvi materialın tərcüməsi düzgün hesab edilən bir halda, bədii materialın düzgün hesab edilən bir halda, bədii materialın düzgün olunması üçün bəzi əlavələrə, yaxud ixtisara əl atmaq lazım gəlir. Elmi-texniki ədəbiyyatın tərcüməsində böyük dəqiqlik tələb olunur. Belə tərcümə zamanı emosional təsvir və rənglərə qətiyyən yol vermək olmaz. Buna görə də elmitexniki ədəbiyyatın tərcüməsi orjinala daha yaxın olur. Mətbuat materiallarının tərcüməsində çox vaxt cümlənin sintaktik quruluşu əsas götürülür. Bu materiallar öz rəngarəngliyi ilə fərqlənir. BƏDİİ ƏSƏRLƏRİN TƏRCÜMƏSİ Tərcümə zamanı müxtəlif leksik və qrammatik dəyişikliklər etmək heç də tərcümənin dəqiqliyini pozmaq demək deyildir. Ümumiyyətlə məqalə və oçerklərin, publisistik xarakter daşıyan materialların tərcüməsi müxtəlif stilistik vasitələrlə, ifadələrlə yaranan emosional rəngarənglikdən xali olmamalıdır. Bədii ədəbiyyatın tərcüməsi daha çətindir və dəqiqlik məsələsi burada bir qədər başqa cür həll olunur. Tərcüməçi bütün detalları diqqətlə ölçüb biçməli, bu detalların əmələ gətirdiyi bədii təəsüratı olduğu kimi saxlamağı bacarmalıdır. Nəticədə tərcümə orijinalın parlaqlığını və aydınlığını, bədiiliyini müəllifin öz stilini maksimum surətdə özündə əks etdirməlidir. Dəqiqliyi formal surətdə başa düşmək olmaz. Hətta orijinala maksimum yaxınlıq zamanı belə (elmi və rəsmi materialların tərcüməsi) tərcümə heç vaxt hərfi xarakter daşımamalıdır. Hərfilik tərcümə materialının təhrif olunması deməkdir. Leksik yaxud qrammatik hərfilik həmişə məzmun və mənanın pozulmasına gətirib çıxarır. Bu hala xüsusilə frazeoloji vahidlərin (birləşmələrin) tərcüməsi zamanı rast gəlmək mümkündür. Frazeoloji birləşmələrlə zəngin olan ibri dili tərcümə nöqteyi nəzərindən çətin dillərdən biridir. Sözlərin məna çalarlıqları, sinonimlərin çoxluğu tərcüməçidən son dərəcə diqqətli olmağı tələb edir. Əgər hərfi tərcümə dəqiq tərcümə hesab edilə bilmirsə, dil normalarının pozulmasına gətirib çıxarırsa, onda hansı tərcüməni dəqiq, orijinala bərabər tərcümə hesab etmək olar? Belə tərcümə adekvat tərcümədir. Adekvat tərcümə orijinalın məzmun və formasını başqa dilin vasitəsilə canlandırmaq, əks etdirmək deməkdir. Adekvatlıq orijinala bərabərlik deməkdir. Nəticə etibarilə demək lazımdır ki, tərcüməçi praktik işi zamanı tərcümənin bütün prinsiplərini özündə əks etdirən bir nəzəriyyəyə əsaslanmalıdır. TƏRCÜMƏ NƏZƏRİYYƏSİNİN PREDMETİ Cəmiyyətin həyatında mühüm rol oynayan tərcümə çoxdan bəridir ki, dilçilərin, ədəbiyyatçıların, psixoloqların və digər mütəxəssislərin nəzərini cəlb etmiş və etməkdədir. Cəmiyyətin inkişafının müxtəlif hətta bir-birinə zidd fikirlər söylənilmişdir. İnsan fəaliyyətinin ən qədim sahələrindən biri olmasına baxmayaraq, tərcümə haqqında elmin meydana gəlməsi bu yaxın dövrlərə aiddir. Belə ki, bu elm XX əsrin 50-ci illərinin ortalarında formalaşıb. «Tərcümə haqqında elm» yaratmağın mümkün olub olmaması barədəki suala bir çox görkəmli Avropa dilçiləri, o cümlədən görkəmli rus dilçisi A.A. Reformatski mənfi cavab vermişdir. O, belə hesab etmişdir ki, tərcümə təcrübəsi dilçilik elminin müxtəlif sahələrinin qayda və istilahlarından istifadə etdiyi üçün o, müstəqil nəzəriyyəyə malik ola bilməz. Son zamanlarda tərcümə barədə söylənilmiş dəyərli fikirlər və yazılmış bir sıra samballı əsərlər əsasında nəhayət tərcümə nəzəriyyəsi müstəqil bir elm sahəsi kimi möhkəmləndi və inkişaf etməyə başladı. Bu isə praktik tərcümə fəaliyyətinin elmi cəhətdən ümumiləşdirilməsi zərurətindən irəli gəlirdi. Lakin tərcümə nəzəriyyəsinin bir elm sahəsi kimi artıq formalaşmasına baxmayaraq bir çox prinsipial məsələlər hələ də müzakirə və mübahisə obyektidir. Həmin məsələlər içərisində ilk növbədə tərcümə nəzəriyyəsinin mövzusu məsələsini qeyd etmək lazımdır. Bəzi alimlər hesab edirlər ki, tərcümə nəzəriyyəsinin mövzusu elə tərcümə prosesinin özüdür. Bu proses zamanı bir işarələr sistemindən başqa bir işarələr sisteminə keçid baş verir. Lakin bu alimlər tərcümə prosesinin onun nəticəsi olan hazır tərcümədən fərqləndirməyi də unutmurlar. Belə düşünürlər ki, tərcümənin nəticəsini tərcümə nəzəriyyəsinə daxil etmək düzgün deyildir. Onların fikrincə, tərcüməni bir proses kimi təsvir edən elm nəzəri olmalıdır. Bəzi alimlər belə fikir irəli sürür ki, tərcümə nəzəriyyəsinin mövzusu müxtəlif dillərdə olan eyni mətnlərin semantikasının müqayisəli tədqiqidir. Tərcüməni bir dildə olan nitqi başqa dildə olan nitqə çevirmək prosesi kimi qiymətləndirərək, onlar belə bir nəticəyə gəlirlər ki, tərcümə dil sistemləri ilə deyil, konkret nitqlə, daha doğrusu mətnlərlə əlaqədardır. Tərcümə nəzəriyyəsi tərcümənin dil quruluşunu öyrənməklə məşğul olmur. Çünki tərcümə təkcə müxtəlif dillərin qarşılaşması deyil, həm də həmin dillərin mənsub olduğu xalqların mədəniyyətlərinin qarşılaşmasıdır. Tərcümədən həm orijinal mətnin yaranması şəraiti, həm də tərcümənin insan tərəfindən həyata keçirdiyini də nəzərə almamaq olmaz. Axı bu adamın da dünyagörüşü, psixologiyası və ümumi intellektual səviyyəsi tərcümənin son nəticəsində özünü göstərir. Buna görə də tərcümə nəzəriyyəsinin mövzusuna tərcümə prosesi geniş sosial-mədəni kontekstdən daxil olur ki, burada dil faktorlarının, sosial, mədəni və psixoloji amillərin ona təsviri də nəzərə alınır. Tərcümə nəzəriyyəsinin quruluşuna gəlincə, o, ümumi və xüsusi olmaqla iki əsas qrupa bölünür: Ümumi tərcümə nəzəriyyəsi janr xüsusiyyətlərinin yerinə yetirilmə vəsaiti və üsulları həmçinin bu və ya digər dil cütlərinin qarşılıqlı münasibəti və sairəni nəzərə almayaraq tərcümənin ümumi qanunauyğunluqlarından bəhs edirsə, xüsusi tərcümə nəzəriyyəsi tərcümə materiallarının janrına (roman, hekayə, poema və s.) tərcümə üsullarına (şifahi, yazılı, ikitərəfli, ardıcıl, sinxron və s.) və nəhayət müəyyən dil cütləri (məs: rusingilis, ibri-Azərbaycan, ispan-alman və s.) arasında gedən tərcümələrə görə müxtəlif növlərə ayrılır. Ümumi və xüsusi tərcümə nəzəriyyələri arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Ümumi tərcümə nəzəriyyəsi tərcümənin ümumi qanunauyğunluqlarını işıqlandıraraq, xüsusi tərcümə nəzəriyyəsinin yaradılması üçün müəyyən müddəalar bazası təşkil edir. Xüsusi tərcümə nəzəriyyəsi isə öz növbəsində tərcümənin konkret dil, janr, üslub, sosial, mədəni, psixoloji və s. xüsusiyyətlərini aşkar edərək, ümumi tərcümə nəzəriyyəsinin müəyyən müddəalarının dəqiqləşdirilməsinə, onun daha da zənginləşib təkmilləşməsinə xidmət edir. TƏRCÜMƏ NƏZƏRİYYƏSİNİN VƏZİFƏLƏRİ Xüsusi elmi bir fənn kimi tərcümə nəzəriyyəsini əməli yaradıcılıq və sənət olan tərcümədən fərqləndirmək lazımdır. İnsan fəaliyyətinin digər sahələri, xüsusilə elmi və bədii sahələri kimi çox əməli bir sahə olan tərcümə də özünün nəzəri əsaslarının olmasını tələb edir. Tərcümə nəzəriyyəsinin əsas vəzifəsi orijinalla tərcümə arasındakı münasibətlərin qanunauyğunluqlarını izləmək tərcümənin ayrı-ayrı halları üzərində aparılmış mülahizələrin nəticələrini elmi məlumatlar əsasında ümumiləşdirmək, beləliklə də dolayısı da olsa, tərcümə praktikasına kömək etməkdir. Deməli tərcümə nəzəriyyəsinin əsas diqqət obyekti orijinalla tərcümə arasındakı münasibətdir. Çünki nəzəriyyənin xüsusiyyəti dəqiq tələblər qoymaq, normativlər müəyyənləşdirmək deyil, ümumiləşdirmə və sistemləşdirmədir. Tərcümə nəzəriyyəsinin praktik əhəmiyyəti elmi surətdə elə obyektiv prinsiplərin zəruriliyi ilə müəyyənləşdirilir ki, onlar tərcümənin subyektiv özbaşınalığının və ya onların hissiyyata qapılmasının qarşısını alır, ya da onları minimuma endirir. Hər hansı bir yaradıcı fəaliyyət qanunauyğunluqların və nəzəri ümumiləşdirmələrin aşkar edilməsini tələb edir. Buna görə də təsadüfi deyil ki, istər keçmiş, istərsə də müasir peşəkar tərcüməçilər həmişə müəyyən rəylər sisteminə əsaslanmışlar. TƏRCÜMƏŞÜNASLIĞIN KATEQORİYALARI Tərcümə təbiətdə, cəmiyyətin həyat və yaradıcılığında əksər hadisələr və təzahürlər kimi çoxtərəfli tədqiqat obyektindən ibarətdir. Tərcüməşünaslığın kateqoriyaları müxtəlif mövqe və baxışlardan tədqiq oluna bilər: tarix, mədəniyyət, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya və s. Lakin tərcümə ilk növbədə dillə bağlı olduğu üçün mütləq qarşılaşan iki dilin və onların üslub vasitələrinin qarşılıqlı münasibəti məsələlərinin dilçilik baxımından tədqiq edilməsini tələb edir. Bunsuz tərcümənin heç bir ictimai-siyasi, mədəni-maarif, bədii və s. vəzifələri mövcud ola bilməz. Bu kateqoriyalar orijinal bir dil vasitəsilə, onun bütün qrammatik vasitəsi ilə çevrilməsindən sonra aşkar olur. Fikrin səlis ifadə bacarığı, söz sənəti, müəllifin fərdi üslubunun ifadəsi kimi vacib bədii tərcümə məsələləri də dilçilik elminin səlahiyyətinə daxil olan məsələlərdir. Məhz iki müqabil dilin quruluşu fərqlərinin dərindən başa düşülməsi tərcüməçini məna xətalarından, təhriflərə aparıb çıxaran hərfilikdən, və ya ifrat sərbəstlikdən, özbaşınalıqdan uzaqlaşdıra bilər. Tərcümə nəzəriyyəsi haqda danışarkən onu, necə deyərlər, «reseptlərdən», və ya zorla qəbul etdirilən müddəalardan hökmən fərqləndirmək lazımdır. Belə «reseptlər» vermək mümkün deyildir. Bundan əlavə tərcümə və onun nəzəriyyəsi bir-biri ilə nə qədər üzvi surətdə bağlı olsalar da kateqoriyalarına görə bir-birindən fərqlidirlər. Belə ki, tərcümə nəzəriyyəsi linqvistik planda tərcümə təcrübəsi faktlarını təhlil və şərh edib ümumiləşdirir, dillər arasında müxtəlif linqvistik münasibətləri aydınlaşdırır. Lakin bu münasibətlərin öyrənilməsi heç də o demək deyildir ki, eyni dil cütləri arasında tərcümə zamanı həmişə eyni üslubdan və eyni ifadə vasitələrindən istifadə etmək lazımdır. Çünki hər bir müəllifin, əsərinin özünəməxsus üslubu və dəst-xətti vardır. Ona görə də bu ifadə həlledici rolu orijinalın konteksti, onun üslubu və qayəsi oynayır. Tərcümə termini TƏRCÜMƏÇİNİN VƏZİFƏLƏRİ Tərcümə anlayışı çox geniş fəaliyyət sahəsini əhatə edir. Bir dildən başqa dilə şer, nəsr, publisistik əsərlər, məqalələr, elmin müxtəlif sahələrinə aid əsərlər, kargüzarlıq sənədləri, natiqlərin çıxışları, qəzet materialları, kinofilmlər və sairənin tərcüməsi. «Tərcümə» sözünün iki terminoloji mənası vardır: 1) Bir dildən başqa dilə tərcümə prosesi, 2) Bu prosesin nəticəsi, daha doğrusu hazır tərcümə. Bu iki məna bir-biri ilə qarşılıqlı münasibətdə və əlaqədədirlər, belə ki, birinci həmişə ikincini şərtləndirir, yəni, əgər proses gedirsə nəticə də olmalıdır. Bununla belə tərcümə istilahı ilə ifadə edilən bu mənaları həm də fərqləndirmək lazımdır. Çünki bunlar bir-birinə bağlı olduğu kimi, həm də müəyyən cəhətlərə görə fərqlənirlər. Tərcümənin insan şüurunda baş verən bir proses kimi öyrənilməsi, məsələyə mahiyyətcə psixoloji cəhətdən yanaşmağı tələb edir ki, bu da tərcüməçinin əməli işindən irəli gələn mülahizələrin əks etdirilməsini tələb edir. Məlumdur ki, hər bir dövlətin beynəlxalq fəaliyyəti sahəsində tərcümə işi və tərcüməçilər böyük əhəmiyyət kəsb edir. İstər ölkə daxilində, istərsə də onun xaricində tərcüməçilər müxtəlif dillərdə danışan tərəflər arasında «əlaqələndirici», «vasitəçi», «anlaşma vasitəsi» rolunu oynayırlar. Ona görə də bu vasitə olmadan həmin əlaqələrin və anlaşmaların müvəffəqiyyətinə inanmaq çətindir. Məhz bununla əlaqədar olaraq tərcüməçilərin üzərinə böyük məsuliyyət düşür. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün tərcüməçilər daima öz ixtisaslarını və biliklərini artırmaq sahəsində çalışmalıdırlar. Aydındır ki, hər hansı bir beynəlxalq simpoziumun, konfransın müvəffəqiyyəti müəyyən dərəcədə tərcüməçinin işinin keyfiyyətindən, onun dünyagörüşündən və siyasi hazırlığından asılıdır. Təsadüfi deyildir ki. Tərcümə məsələləri ilə məşğul olan alim və ədiblər tərcüməçinin şəxsiyyətinə bilik və bacarığına böyük əhəmiyyət vermişlər. Bəzi alimlər qeyd edirlər ki, xüsusilə bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olanlar tərcümə prosesində labüd olaraq öz şəxsi keyfiyyətlərini əks etdirirlər. Burada tərcümənin müəyyən mədəni ənənələrlə bağlılığı onun özünün yaradıcılıq və estetik görüşləri, öz dövrünü bilməsi, qarşısına qoyduğu məqsəd və s. daxildir. Bədii əsərlərin tərcüməsi o zaman müvəffəqiyyətli ola bilər ki, tərcüməçinin keyfiyyətləri ilə müəllifin keyfiyyətləri əksərən üst-üstə düşsün. Əks təqdirdə tərcümə orijinalın ruhunu tam əks etdirə bilməz. Xarici dil, yaxud dillər bilən, onlardan müxtəlif dillərdə danışan tərəflər arasında yazılı və ya şifahi anlaşmada istifadə edən şəxsə tərcüməçi deyilir. Həmin şəxslər xalqların bir-birinin tarixi, mədəniyyəti, həyatı və məişəti ilə tanış olmaq işində də aktiv iştirak edirlər. Deməli tərcüməçilər xalqların bir-birinə yaxınlaşması, onlar arasında müxtəlif əlaqələrin yaranması və ümumiyyətlə cəmiyyətin mədəni inkişafı sahəsində mühüm rol oynayırlar. Tərcüməçilərlə onların xidmət etdikləri ixtisas sahibləri arasındakı qarşılıqlı münasibət məsələlərinə gəlincə burada ilk növbədə bir-birindən fərqli iki tərəfi nəzərdə tutmaq lazımdır. Birinci tərəf kimi çıxış edən tərcüməçi isə ixtisasca mütəxəssis deyildir. Lakin bu iki tərəf bir-biri ilə işləməli və ikitərəfli əlaqələr yaratmalıdırlar. Buradan aydın olur ki, bu üçbucağın bucaqlarından birini təşkil edən tərcüməçi təkcə öz ixtisasını bilməlidir, heç olmasa onunla yaxından tanış olmalıdır. Öz fəaliyyəti boyu tərcüməçi bir neçə ixtisasla tanış olmaq məcburiyyətində qalır. Tərcüməçi sənətinin çətinliklərindən biri də budur. Hər hansı bir tərcümə prosesinin müvəffəqiyyətli olması üçün tərcüməçinin istifadə etdiyi dilləri yaxşı bilməsi ilə yanaşı tərcümə prosesində istifadə edəcəyi istilahları və sintaktik konstruksiyaları da yaxşı bilməlidir. Bundan əlavə tərcüməçi bir sıra zəruri keyfiyyətlərə malik olmlıdır. Bunlardan ən əsası fikri aydın şəkildə çatdıra bilmək bacarığıdır. Əks təqdirdə tərəflər arasında lazımınca anlaşma olmaya bilər. Bu da nəticə etibarilə əlaqələrin pozulmasına gətirib çıxara bilər. Digər tərəfdən tərcüməçi danışığın mövzusuna müdaxilə etməməlidir. Çünki o, həmin sahənin mütəxəssisi olmadığı üçün danışıq mövzusuna müdaxilə etdikdə onu başqa istiqamətə yönəldə bilər. O, tərcümə zamanı deyilənlərə əlavə və əksiltmələr etməməlidir, tərcüməyə gedərkən o, zəruri hazırlıq işləri görməlidir. Tərcüməyə gedərkən o, özü ilə kağız, yaxud bloknot və qələm götürməlidir. Tərcüməçi yeri gəldikcə lazımi qeydlər aparır. Bu, xüsusilə ardıcıl tərcümə zamanı, xüsusi adları, tarixi faktları və rəqəmləri yadda saxlamq üçün buna böyük ehtiyac duyulur. Tərcüməçilik peşəsinin digər xüsusiyyətləri özünü onda göstərir ki, onlar daim öz üzərlərində işləməli, öz ixtisas və siyasi biliklərini artırmalıdırlar. Onlar müntəzəm olaraq dövri mətbuatı izləməli, mütəxəssisi olduğu ölkələrin həyatında baş verən hadisələri izləməli və onlardan xəbərdar olmalıdır. Tərcüməçinin vəzifələrindən biri də həmişə öz işinə məsuliyyətlə yanaşmasıdır. Tərcümə sənəti yaradıcılıq sahəsi olduğu üçün ona yaradıcı münasibət bəsləmək lazımdır. İşə laqeyd və məsuliyyətsizlik tərəflər arasında əlaqələrin pozulması deməkdir. Tərcüməçinin daima riayət etməli tələblərdən biri də onların öz səlahiyyətləri çərçivəsindən kənara çıxmasıdır. Tərcüməçi etik normaları gözləməli, öz geyiminə, səliqə-səhmanına fikir verməlidir. Tərcüməçi aydın danışmalı, cümlələri tam, səlis, məntiqi şəkildə qurmalıdır. Elə hallar olur ki, işlədiyi ölkənin dilində az miqdarda söz bilən mütəxəssis tez-tez tərcüməçinin sözünü kəsir, danışığa müdaxilə edir, beləliklə də onun işinə mane olur. yaxud digər bir mütəxəssis iş norması, tərcüməçinin yorulması və başqa faktlara baxmayaraq, onu haqqında tərcümə prosesi gedən məsələ ilə bağlı olmayan işlərlə məşğul olmağa sövq edir. Nəticədə bu, tərcüməçinin iş qabiliyyətinin azalmasına və zehni yorğunluğuna səbəb olur. Nəhayət, tərcüməçilik işi barədə ümumiyyətlə normativ sənədlərin, yaxud hüquqi qayda-qanunların olmaması bu sahədə intizamsızlığın olmasına şərait yaratmış olur. TƏRCÜMƏNİN LEKSİK-QRAMMATİK PROBLEMLƏRİ İbri və Azərbaycan dillərində söz sırasının müxtəlifliyi tərcümə zamanı cümlənin quruluşunu dəyişməyi tələb edir. Əksər hallarda ərəb və Azərbaycan dillərinin qrammatik quruluşunun uyğunsuzluğu məhz cümlə quruluşunda özünü göstərir. Ərəb dilində cümlə üzvlərinin quruluşu adətən belə olur: İsmi cümlədə! I mübtəda, II xəbər, III tamamlıq, IV zərflik. Lakin ismi cümlələrdə söz sırası onların növündən də asılıdır. Məlum olduğu kimi xəbəri ön qoşmalı isimlə ifadə olunan ismi cümlələrin iki növü vardır və belə cümlələrdə mübtədanın, yaxud xəbərin əvvəl gəlməsinin müəyyən məna fərqinə səbəb ola biləcəyi aydın məsələdir. Feli sümlələrdə isə söz sırası adətən belə olur: 1. Xəbər, 2. Mübtəda, 3. Tamamlıq. Zərfliyin yeri qeyri sabitdir. Burada məntiqi vurğu mühüm rol oynayır. Bundan asılı olaraq zərflik cümlənin əvvəlində, ortasında və axırında gələ bilər. Zaman və yer zərfliklərinin xəbərə görə mövqeyi zərfliyin böyük məna fərqinə səbəb ola bilər. Tərcümə vaxtı lazımi sözün düzgün seçilməsinin böyük əhəmiyyəti vardır. Məlum olduğu kimi sözlərin əsl, məntiqi mənalarından başqa müxtəlif məna çalarlıqları da vardır ki, bunlar da bəzən lüğətlərdə verilmir. Yaxud da heç də bütün lüğətlər bu məna çalarlıqlarının hamısını əks etdirmir. Sözün tərcüməçiyə lazım olan mənası yalnız tekst daxilində meydana çıxır. Sözün mənası ilə onun cümlə daxilində işlədilməsini qarışdırmamaq lazımdır. Əsas leksik məsələlərdən biri də sözlərin seçilməsidir. Tərcüməçi öz prosesi zamanı lüğətlərdən düzgün istifadə etməyi bacarmalıdır. Məlum olduğu kimi dildə mütləq sinonimlər yoxdur, onlar heç də həmişə bir-birini müvəffəqiyyətlə əvəz edə bilmir. Hər bir dilin lüğət fondu müxtəlifdir. Burada hamının malı olan ümumi sözlərlə yanaşı, ədəbi-bədii sözlər, müxtəlif danışıq sözləri və vulqarizmlər, elm və texnikanın müxtəlif sahələrinə aid söz və terminlər aiddir. Lüğətin bu cür rəngarəngliyi bu və ya digər, fikri müxtəlif stilistik boyalarla ifadə etməyə imkan verir. Tərcümə nöqteyi nəzərindən beynəlxalq sözlər böyük maraq doğurur. Belə sözlər azı bir neçə dil üçün ümumi hesab edilir və bir mənbəyə mənsubdur. Bununla yanaşı müxtəlif dillərdə müxtəlif mənalar verən internasional (beynəlxalq) sözlər də vardır. Belə sözlərin tərcüməsi zamanı tərcüməçilər çox vaxt səhvə yol verirlər. Frazeoloji vahidlərin tərcüməsi də maraq doğurur. Xüsusilə atalar sözü və məsəllərin tərcüməsi böyük təcrübə tələb edir. Frazeoloji vahidlərin tərcüməsi barədə aşağıda danışılacaqdır. Tərcümədə milli koloritin verilməsi mühüm amillərdəndir. Milli kolorit xüsusi isimlər, coğrafi adlar, küçə, park, mehmanxanaların, böyük mağaza, yeməkxana, teatr və s. adları, qəzet və jurnal adları, müraciət formaları, çəki, həcm, uzunluq ölçüləri, milli yemək və içki adları kimi elementlərdən təşkil olunur. Milli koloritdən məhrum olan tərcümənin əhəmiyyəti son dərəcə azalır. Tərcüməçi coğrafi adları bacardıq qədər orijinalda olduğu kimi verməlidir. Bu transliterasiya, yəni sözləri orijinalda səsləndiyi kimi digər dilin əlifbası ilə vermək yolu ilə mümkündür. Müraciət formalarında da diqqətli olmaq lazımdır. Beləliklə, yuxarıda deyilənlərdən aydın olur ki, tərcüməçi orijinalın xüsusiyyətlərini saxlamalı, bununla yanaşı digər dilin normalarını pozmamalıdır. Tərcüməçi unutmamalıdır ki, bir dil üçün normal, səciyyəvi olan hal, digər dildə tamamilə qəribə və anlaşılmaz, orijinal yabançı ola bilər. ŞİFAHİ TƏRCÜMƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ ŞİFAHİ NİTQ ZAMANI TƏLƏB OLUNAN KEYFİYYƏTLƏR ŞİFAHİ NİTQ VƏ TƏRCÜMƏNİN TƏRTİBİNDƏ ONUN ÇATIŞMAYAN CƏHƏTLƏRİ Tərcüməçinin fəaliyyəti şifahi və yazılı olmaq etibarilə iki cür olur. Şifahi tərcümə ilə yazılı tərcümə bir-biri ilə üzvi surətdə bağlıdır. Yazılı tərcümənin xüsusiyyətlərini, onun əsaslarını bilməyən bir adam şifahi tərcümə zamanı müvəffəqiyyət qazana bilməz. Şifahi tərcümə vərdişlərinin əksəriyyətini o, yazılı tərcümə vaxtı mənimsəyir. Şifahi tərcümə ilə məşğul olan tərcüməçinin çətin psixoloji fəaliyyətinin əsas cəhətləri bunlardır: tərcümə olunacaq materialın qavranılması, onun dərk edilməsi (başa düşülməsi) , xüsusi tərcümə vərdişləri, orijinalın, digər dilin vasitələri ilə verilməsi. Xüsusilə şifahi tərcümə zamanı, cümlələrin, ifadələrin təkrarı üçün imkanın olmadığı şəraitdə tərcüməçinin yaddaşı böyük əhəmiyyət kəsb edir. Qavrama və dərk etmə. Şifahi tərcümə zamanı mətnin tərcüməçi tərəfindən düzgün eşidilməsi əsas amillərdəndir. Danışan şəxsi gözlə görmək, yaxud bununla yanaşı nitqi reproduksiya vasitəsi ilə mənimsənilməsi tərcüməçinin işini xeyli asanlaşdırır. Şifahi tərcümənin xüsusiyyətlərindən biri də budur ki, bu vaxt material uzun-uzadı təhlil olunmaq imkanından məhrumdur və o, müəyyən qədər avmomatizm və eşidilən səs materialının ani surətdə qiymətləndirilməsini tələb edir. Bütün bunlar şifahi nitqin yazılı tərcümə materialına nisbətən asan quruluşa malik olmasına baxmayaraq onun tərcüməsini çətinləşdirir. Şifahi tərcümə zamanı nitqin aydın və səlis olması danışanın tələffüzünün düzgünlüyü əsas şərtlərindəndir. Beləliklə şifahi nitqi düzgün başa düşmək üçün fonetik cəhətdən düzgün qurulmuş və nisbətən surətli nitqi bilmək lazımdır. Bu xüsusiyyət emfatik səslərlə zəngin olan dilinə daha çox xasdır. Şifahi tərcümə zamanı nitqin qısa müddət ərzində söylənməsi və onun təkrar olunmaması kimi çətinliklər müəyyən mənada nitqin qavranılmasının və mənimsənilməsinin onun dərk edilməsi ilə qovuşduğu vaxt aradan qaldırıla bilər. Xarici nitqin müvəffəqiyyətlə tərcümə olunması üçün onun bilavasitə dərk olunub başa düşülməsi zəruri amillərdəndir. Əlbəttə, nitqin tamamilə qavranılıb dərk olunması onun xarakterindən də çox asılıdır. Materialın süjeti mövzusu maraqlıdırsa, tərcüməçinin beynində təfəkkür prosesi güclənir və onun diqqəti asanlıqla nitq ətrafında toplaşır. Əks halda tərcüməçi əlavə səy və qüvvə göstərməli, bütün iradəsini səfərbərliyə almalıdır. Şifahi tərcümədə diqqətlilik tərcüməçinin söykəndiyi əsas amillərdəndir. Tərcümənin sürətini axıcılığını zəiflədən amillərdən biri də nitqdə ayrı-ayrı söz və ifadələrin tərcüməçi tərəfindən dərk edilməməsidir. Məhz buna görə şifahi tərcümə ilə məşğul olan tərcüməçinin söz bağajı çox zəngin olmalıdır. Tərcüməçi az-çox müvəffəqiyyətli tərcümə etmək üçün orijinalın əsas sözlərinin mənasını bilməlidir. Əlbəttə, bu heç də o demək deyildir ki, o, qalan sözlərin mənasını bilməyə bilər. Məlum olduğu kimi hər bir söz mətnə bir cür rəng verir. Xarici nitqin dərk edilməsi onun əsas məna daşıyıcısı olan sözlərinin mənasının leksik-qrammatik vəhdətdə müəyyənləşdirilməsidir. Tərcüməçi, xüsusilə özünün gələcəkdə işləyəcəyi sahədə buna ciddi surətdə hazırlaşmalıdır. Məsələn: əgər tərcüməçi tibb sahəsində işləyəcəksə, tutaq ki, «iltihab», «soyuqdəymə», «şpris» və s. kimi adi sözlərlə yanaşı, yüzlərlə tibbi terminləri texnika sahəsində işləyəcək tərcüməçi isə müxtəlif alətlərin, hissələrin, cihazların, dəzgahların adlarını, əməliyyatları bilməlidir. Nitqdə (tərcümədə) əsas sözlərdən başqa digər qrup sözlər də vardır ki, bunlar da xüsusi diqqət tələb edir. Bu qrup sözlər adətən çətin mənimsənilir, işlədilməsində dialektlə bağlı problemlər meydana çıxır. Belə sözlərə misal olaraq birinci növbədə sayları göstərmək lazımdır. Təcrübə göstərir ki, ikiədədli xüsusilə üç və dördədədli sayların qavranılıb, ifadə edilməsi çətin olur. İbri dilində mürəkkəb sayların isimlə işlədilməsi qaydalarının müxtəlifliyi bu çətinliyi daha da artırır. Bundan əlavə həftə günlərinin, ayların adlarını yaxşı mənimsəmək lazımdır. Yuxarıda qeyd edildi ki, şifahi nitqin ayrı-ayrı elementləri tam surətdə dərk edilməzsə, tərcüməçi heç olmazsa, ümumi mənanı, yaxud ifadə və ibarələri bilməlidir. Bunun üçün də cümlənin sintaktik qrammatik quruluşunu bilmək zəruridir. Əlbəttə, dilin qrammatikası tərcüməçinin fəaliyyətə başlamasından çoxçox əvvəl öyrədilir. Buna görə də yazılı tərcümə zamanı xüsusi ifadələr, hətta ayrı-ayrı cümlələr bütövlükdə öyrədilir. Burada bütöv sintaktik konstruksiyalar əsas götürülür. Bundan başqa sözlərin böyük dəyişikliklərə uğraması öz formasını həm yazıda, həm də nitqdə dəyişməsi, tələffüzün kəskin dəyişmələrə məruz qalması, bəzi samitlərin tələffüz belə olunmaması yeni hərflərin meydana çıxması böyük çətinliklər törədir. Buna görə də tərcüməçi işləyəcəyi ölkənin dialekti ilə, onun əsas xüsusiyyətləri ilə əvvəlcədən tanış olmalı, əsas ifadə və ibarələri öyrənməlidir. Şifahi tərcümə zamanı nitqin təkrarolunmazlığı tərcüməçinin yaddaşının yaxşı olmasını tələb edir. Yadda saxlamanın əsas mərhələlərinin öyrənilməsi nitqi qəbul edərkən tərcüməçinin çətinliklərinin aradan qaldırılmasına kömək edə bilər. Tərcüməçinin fəaliyyəti daima iki dil ilə bağlıdır. Tərcüməçi insanın fikirlərini başa düşməli, yadda saxlamalı və digər dildə əks etdirməlidir. Şübhə yoxdur ki, burada mexaniki deyil, mənaya görə yadda saxlamaya əsaslanan şifahi-məntiqi yaddaş əsas rol oynayır. Qeyd etdiyimiz kimi nitqin başa düşülməsi tərcümənin əsasını təşkil edir. Nitqi başa düşmədən onun məzmununu formalaşdırmaq, beləliklə də tərcümə etmək mümkün deyildir. Nitqi mənaya görə yadda saxlamaq müvəffəqiyyətli tərcümə etmək üçün əsas şərtdir. Nitqin mənaya görə yadda saxlanılmasını asanlaşdıran, bu prosesə kömək edən amillər hansılardır? Bu amillərdən biri yuxarıda qeyd olunmuşdur ki, bu da materialda göstərilən maraqdır. Əlbəttə, tərcümə olunacaq material öz məzmunu və mənasına görə tərcüməçini cəlb edirsə, onun diqqəti istər-istəməz nitq ətrafında mərkəzləşir. Nitqin yadda saxlanılması müxtəlif xarakterli ola bilər: uzun müddət üçün, həmişəlik, qısa müddət üçün. Müxtəlfi termin və sözlərin frazeoloji birləşmələrin öyrənilməsi, yadda saxlanılması «Həmişəlik» olursa, şifahi nitqin tərcüməsi zamanı bu xüsusiyyət o qədər də əhəmiyyət kəsb etmir. Şifahi tərcümənin bəzi növləri, məsələn: müəyyən bir nümayəndə heyətinin müşayiət olunması zamanı, nitqin tam, dəqiq, eyni zamanda ardıcıl yadda saxlanılması tələb olunur. Təcrübə göstərir ki, nitqin başa düşülməsi onun yadda saxlanılması üçün əsas şərtdir. Təxminən 30-40 sözdən ibarət şifahi nitq mətnin, yaxud onun əsas məzmununun yazılı şəkildə qeyd olunması zərurətini törətmir. Əsas məna və məzmunun unudulması onu göstərir ki, tərcüməçi öz diqqətini əlavə, az əhəmiyyət kəsb edən faktlar ətrafında cəmləşdirmişdir. 50-60-dan artıq sözü əhatə edən teksti yadda saxlamaq çox vaxt bir dəfə eşitməklə mümkün olmur. Burada ümumi mətnin əsas mənalara görə qruplaşdırılaraq, yazılı şəkildə qeyd olunması tərcüməçinin köməyinə gəlir. Belə qruplar arasında hökmən ümumi əlaqə olmalı və yaddaşa kömək məqsədilə onlara müəyyən başlıqlar qoyulmalıdır. Belə başlıqlar tərcümə üçün dayaq nöqtələri adlanır və adətən yalnız tərcüməçi üçün aydın olan müxtəlif formalar ola bilər. Lakin həcmcə böyük olan materialı mənaya görə qruplaşdırmaq, başqa sözlə dayaq nöqtələri tapmaq çətin olur. XÜSUSİ TƏRCÜMƏ VƏRDİŞLƏRİ Xüsusi tərcümə vərdişlərini nəzərdən keçirmədən onun xüsusiyyətləri haqqında fikir söyləmək mümkün deyildir. Bu vərdişlərin yaranması və möhkəmləndirilməsi tərcümə işində böyük rol oynayır. Tərcüməçi öz işində sanki iki dil arasında vasitəçidir. Şifahi tərcümə şəraitində bu vasitəçilik ani olaraq iki dili müqayisə etməkdən və dəqiq dil vasitələri ilə bir dildən digər dilə keçməkdən ibarətdir. İki dilin müqayisəsi, təxəyyül prosesinin bir anda doğma dil atmosferindən xarici dil şəraitinə və əksinə keçməsidir. Şifahi tərcümənin bu xüsusiyyəti tərcüməçidə bir dildən başqa dilə keçmək vərdişi yaradır. Bu vərdişdən çətin dil hadisələrinin daima dəyişildiyi bir şəraitdə istifadə olunur. Bu vərdişin hər hansı bir vəziyyətdə dəyişən dil hadisələrinə fəal münasibəti məhz tərcüməçilik fəaliyyəti, xüsusilə şifahi tərcümə üçün xarakterik olan tərcüməçilik bacarığı deməkdir. Tərcüməçi dil ekvivalentlərin nə qədər çox və dəqiq bilərsə, bu vərdiş bir o qədər böyük əhəmiyyət kəsb edər. Xüsusilə sözlərin çoxmənalılığı tərcüməçidən diqqətli olmağı tələb edir. Qeyd etmək lazımdır ki, təxəyyülün, fikrin Azərbaycan, yaxud rus dilindən ibri dilinə keçirilməsi, tərcüməçi üçün daha asandır. Bu onunla izah edilir ki, doğma nitqin qavranılıb dərk edilməsi daha asandır. Məlumdur ki, əgər tərcüməçi öz fikrini xarici dildə ifadə etməlidirsə, o məhz xarici dildə də düşünməlidir. Lakin ilk vaxtlar tərcüməçi eşitdiyi nitqi əvvəl öz beynində ana dilində fikirləşir, sonra xarici dil ekvivalentlərini tapır və cümlə qurur. Bu da tərcümənin sürətinə öz təsirini göstərməyə bilməz. İbri dilindən ana dilinə tərcümə zamanı təxəyyülün dəyişməsi fəaliyyəti qrammatik kateqoriya və konstruksiyaların nə dərəcədə düzgün başa düşülməsindən asılıdır. Bu kateqoriya və konstruksiyaların uyğun gəlməməsi, məsələn: tərcümədə zamanların qarışdırılması onların düzgün mənimsədilmədiyini göstərir. Nitqin və eşitmənin sinxronlaşdırılması. Təxəyyülün dəyişməsi vərdişi üçün ən çətin şərait sinxron tərcümə zamanı yaranır. Sinxron tərcümənin çətinliyi bundadır ki, bu zaman təxəyyülün bir dildən başqa dilə keçirilməsi ani vaxt ərzində və dəqiq olmalıdır, üstəlik olaraq bu vərdiş eşitmənin və nitqin eyni zamanda baş verdiyi şəraitdə qüvvədə olur. əlbəttə, nitq və onun eyni vaxtda eşidilməsi nadir hadisə deyildir. Məsələn: biz bərkdən kitab oxuyuruq, deməli, gözlə görüb, qavrayırıq, və eyni zamanda nitqi eşidirik. Lakin əsas ağırlıq görmə üzvlərindən eşitmə üzvlərinə keçirsə, başqa sözlə gözlə görüb dərk etmək eşidib dərk etməklə əvəz olunursa, burada vəziyyət tamamilə dəyişir. Yeni çətinliklər meydana çıxır ki, onların aradan qaldırılması böyük diqqət tələb edir. Nitqin və eşitmənin eyni zamanda baş verməsi şəraitində meydana çıxan çətinliklər əsasən tərcüməçinin öz diqqətini düzgün istiqamətləndirə bilməməsi öz səsinin eşidilməsindən yaxa qurtara bilməməsi və bəzən hətta tərcüməçinin öz səsinin xarici nitqi üstələməsi ilə əlaqədardır. Bu çətinlikləri ancaq nitqin və eşitmənin sinxronlaşdırılması ilə aradan qaldırmaq olar. Tərcümə vərdişlərinin yaranmasının və onların inkişaf etdirilməsinin öz xüsusiyyətləri vardır. Hər hansı bir vərdişə ayrılıqda, digər vərdişdən təcrid olunmuş şəkildə yiyələnmək olmaz. Beləliklə yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar: Müvəffəqiyyətli tərcümə üçün tərcüməçi bir tərcümədən iki dil sisteminin leksik və qrammatik ekvivalentlərini dəqiq öyrənməklə, digər tərəfdən ani qavrama və dərk etmənin avtomatlaşması prosesini asanlaşdıran müxtəlif təcrübə və məşğələlər aparmaqla özündə təxəyyülün bir dildən başqa dilə keçirilməsi vərdişini yaratmalı və bunu daima inkişaf etdirməlidir. TƏRCÜMƏNİN TƏRTİBİ Müxtəlif nümayəndə heyətlərinin müşayiət edərkən edilən tərcümə, çıxarışların tərcüməsi, eləcə də sinxron tərcümə öz tərtibatını şifahi nitqdə tapır. Buna görə də yazılı tərcümədən fərqli olaraq şifahi tərcüməni tərtib edərkən daha diqqətli olmaq lazımdır. Fikri müvəffəqiyyətlə verə bilmək, onu düzgün tərtib etmək üçün, xarici dildə bu fikirləri ifadə edən vasitələri yaxşı bilmək lazımdır. Bu vasitələr də həmin dilin fonetikası, lüğət fondu və qrammatik quruluşudur. Dilin fonetik cəhəti onun hər bir səsinin, sözünün düzgün, dəqiq tələffüzü, bu dilə məxsus intonasiyanın verilməsi deməkdir ki, bunun əsasında da yazılı nitq qurulur. Şifahi tərcümə zamanı isə fonetika tərcümənin daha tez başa düşülməsinə xidmət edir. Dilin lüğət fondu mətni tərtib etmək üçün tərcüməçiyə zəruri olan «tikinti materialını» verir. Tərcüməçinin lüğət fondu, söz bağajı nə qədər zəngin olarsa, o, hər hansı bir mətni, nitqi başqa dildə daha dəqiq surətdə ifadə edər, hər bir sözün kontekstdə ifadə etdiyi mənanı daha yaxşı açıb göstərir. Qrammatik quruluşa gəldikdə isə, demək lazımdır ki, fonetikanın başqa dildə düzgün əks olunması, onun qrammatik quruluşu nə dərəcədə mənimsənilməsindən asılıdır. Şifahi tərcümə zamanı nitqi necə tərtib etmək lazımdır? Yazılı nitq üzərində iş tərcümənin savadlı tərcümə olunmasının əsasını təşkil edir. Yuxarıda qeyd edildiyi kimi şifahi tərcümənin tərtibi həm şifahi, həm də yazılı nitqdə öz əksini tapa bilər. Lakin şifahi nitqlə yazılı nitq arasında böyük fərq vardır. Məsələn: şifahi nitqdə hər hansı bir söz və ya ifadə üzərində az da olsa fikirləşmək, düşünmək imkanı məhduddur. Bu, tərcümənin şifahi tərtibinin ən böyük çətinliyidir. Belə ki, ümumiyyətlə şifahi nitq öz quruluşuna görə sadədir, burada qrammatik qaydaların pozulmasına daha tez-tez rast gəlinir, nitqin emosionallığı, intonasiya, mimika, müxtəlif hərəkətlər, fasilələrlə ifadə edilə bilər. Bütün bunlar isə qavramanın fikrini başqa dildə edilməsini asanlaşdırır. Yazılı tərcümə, fikrini ifadə olunması üzərində düşünməyə imkan verir, o, sintaksis nöqteyi-nəzərindən daha kamil olur. Söz üzərində düşünmək imkanı tərcümənin yazılı şəkildə tərtib olunması işini asanlaşdırır. Eyni zamanda şifahi tərcümə zamanı tərcüməçinin işini asanlaşdıran hərəkətlərin, mimikanın, intonasiya və fasilələrin olmaması yazılı tərcüməni də çətinləşdirir. Şifahi tərcümənin yazılı surətdə tərtib edilməsinin bir çətinliyi də bundadır ki, bəzən işin xüsusiyyəti söz üzərində az da olsa düşünməyə, işləməyə imkan vermir. Bu da onu yeganə üstünlüyündən məhrum edir. Tərcüməçinin şifahi, eləcə də yazılı tərtibini qurmaq üçün ümumiyyətlə yazılı nitq üzərində çox işləmək lazımdır. Məhz yazılı nitqdə təfəkkürün forma və məzmunun bu və ya digər qüsuru aşkara çıxır. Yalnız yazılı nitq fikri xüsusilə dəqiq, aydın edir və bununla təfəkkürün özünü inkişaf etdirir. Yazılı nitqin yaxşı mənimsənilməsi şifahi nitqin də düzgün qurulmasına, onun daha əlaqəli, öz leksik tərkibinə görə zəngin, qrammatik cəhətdən səlis olmasına kömək edir. Buna görə də tərcümənin tərtibat üzərində aparılan işin əsasını yazılı tərcümənin müxtəlif növlərini əhatə edən, yazılı nitq təşkil edir. Tərcümənin tərtibi ona görə böyük əhəmiyyət kəsb edir ki, o, bir növ tərcüməçinin bütün işinin kriteriyası, ölçüsü deməkdir. Tərcümənin müvəffəqiyyətli olub olmaması onun tərtibindən çox asılıdır. Tərcümənin tərtibatı nitqin nə dərəcədə qavranılıb dərk edildiyini zahirə çıxarır. Tərcüməniin tərtibatı həmçinin tərcüməçinin təfəkkürü bir dildən digər dilə keçirə bilmək vərdişinin, eləcə də sinxron tərcümə zamanı nitqin və eşitmənin uyğunlaşdırılması, vərdişinin nə dərəcədə inkişaf etdiyi haqqında fikir yürütməyə imkan verir. Tərtibatla çox vaxt yaddaşın da nə qədər inkişaf etdiyi yoxlanılır. Buradan aydın olur ki, tərcümə zamanı əsas məna və məzmununu dəqiq və aydın ifadə etmək nə qədər əhəmiyyətlidir. Şifahi tərcümə zamanı tərcüməçi çox vaxt bu keyfiyyətə malik olmur, beləliklə də tərcümənin keyfiyyəti aşağı düşür. Şifahi tərcümə zamanı, tərcümənin axıcı surətdə, heç bir yerdə duruxmadan, təkrar etmədən, yaxud deyilmiş fikrə yenidən qayıtmadan tərtib olunması zəruridir. Bütün bunlardan əlavə tərcümə eyni zamanda ifadəli olmalı, başqa sözlə intonasiya və məntiqi vurğuya görə orijinalla bir səslənməlidir. Yalnız bu tərzdə qurulmuş şifahi nitq dəqiq və aydın şəkildə dinləyiciyə çatdırıla bilər. Tərcümənin axıcı olması, nitqin bütöv, arası kəsilməz axını, onun yersiz olaraq fəsilləməsi, habelə tələsmədən ifadə olunması deməkdir. Tərcümənin axıcı olmaması onun qüsurlu cəhətidir. Qarşıya çıxan leksik və sintaktik çətinlikləri həll etmək üçün ilk vaxtda tərcümənin sürətini bir qədər azaltmaq mümkündür. Pəltəklik, duruxa-duruxa danışmaq. Təkrar etmək, deyilənə bir də qayıtmaq. Adətən sintaksis çətinlikləri ilə əlaqədar olur. Bu vaxt tərcüməçi ən yüngül yol ölçərək, cümlənin tərcüməsinə onun əvvəlindən başlayır. Lakin şifahi tərcüməçi üçün çox qiymətli və zəruri keyfiyyət sintaksisə xələl gətirmədən hər hansı ifadəli və fikri qurtara bilmək bacarığıdır. Tərcümənin tərtibi zamanı orijinaldan kənara çıxma halları Yuxarıda artıq qeyd edilmişdir ki, şifahi tərcümənin tərtibi əksər hallarda nitqin ancaq bir dəfə deyilməsi şəraitində baş verir və bu xüsusiyyət yaddaşın xüsusilə yaxşı olmasını tələb edir. Qavranılan nitqin az və ya çox asan və ya çətin olmasından asılı olaraq yaddaşın üzərinə düşən vəzifə də asan və ya çətin olur. Eyni zamanda təfəkkür prosesləri daima ya tərcümənin tərtibi ilə uyğunlaşır, onunla eyni vaxtda baş verir, ya da ondan bilavasitə əvvəl gəlir. Məhz bu xüsusiyyət tərcüməçinin təcrübəsindən asılı olaraq orijinalda nisbətən geniş verilmiş fikri qısaca və əksinə ifadə etməyə imkan verir. Bəzən hətta qavranılan materialın ardıcıllığının pozulması hallarına da təsadüf etmək olar. Bu zəruri proseslər tərcümənin tətibi zamanı orijinaldan bu və ya digər şəkildə kənara çıxmaqla öz əksini tapır. Orijinaldan bu cür kənara çıxma hallarının ən xarakterik olanları hansılardır. Bunlardan birincisi orijinalda nisbətən geniş verilmiş fikrini tərcümə zamanı yığcamlaşdırılmasıdır. Bu vaxt bir sıra az əhəmiyyətli detallar tərcümədə öz əksini tapmaya bilər. Materialın yığcamlaşdırılması mənaya görə yadda saxlamanın fəaliyyətinə kömək edir. Tərcümənin tərtibi zamanı belə ümumiləşdirmə əsas mənanı qabarıq surətdə göstərməyə xidmət etməlidir. Lakin belə ümumiləşdirmə ancaq müəyyən təcrübə konkret biliyə əsaslanmışdır. İkincisi: orijinalda yığcam və konkret verilmiş materialın dəqiqləşdirilməsi, nisbətən geniş şəkildə ifadə edilməsi, ayrı-ayrı detalların aydınlaşdırılmasıdır. Əlbəttə, tərcümənin tərtibatı zamanı orijinaldan kənara çıxmağın müsbət cəhətləri olduğu kimi, mənfi cəhətləri də yox deyildir. Müsbət cəhət orasındadır ki, bu vaxt tərcümənin tərtibində tərcüməçiyə köməkçi vasitə kimi çox lazım olan məntiqi təfəkkürün inkişafına səbəb olur. mənfi cəhət isə orasındadır ki, bu zaman orijinalın məzmununu və mənaını ifadə edərkən həddən artıq əlavələrə, lazımsız ifadələrə yol verilə bilər, yaxud əksinə, o, tərcümədə öz əksini tam surətdə tapmaz. Beləliklə, materialın konkretləşdirilməsi yaxud onun ayrı-ayrı detallarının aydınlaşdırılması ancaq orijinalın daha yaxşı edilməsinə xidmət edir. Üçüncü: verilən materialın ardıcıllığının müəyyən dəyişikliyə uğramasıdır. Bu halda, tərcümənin tərtibi zamanı orijinalın təhrif olunması kimi xoşagəlməz qüsura təsadüf edilir. Bəzi hallarda hətta ardıcıllığın pozulması bir növ tərcüməni asanlaşdırır. Lakin unutmamaq lazımdır ki, bəzi materialların, məsələn: rəsmi sənədlərin tərcüməsi zamanı dəqiqliyin saxlanılması zərurəti, ümumiyyətlə tərcümənin kamilliyinin pozula bilməsi tərcümə ardıcıllığa riayət etməyi tələb edir. Dördüncü: bəzi ixtisarlar və əlavələr. Yuxarıda qeyd etmişdik ki, materialı ümumiləşdirərkən, mətni bütövlüyünə, onun məzmununa xələl gətirməyən bəzi detallar atıla bilər. Lakin material belə detallardan xali olarsa və onun tam şəkildə tərcümə etmək zərurəti meydana çıxarsa bu zaman tərcüməçi materialın ixtisar edilməsi faktı ilə qarşılaşır ki, bu da tərcümənin keyfiyyətini həmişə azaldır. Materialın ümumiləşdirilməsini (yığcamlaşdırılmasını) onun ixtisar edilməsindən fərqləndirməyi bacarmaq lazımdır. Habelə materialın konkretləşdirilməsini, onun ayrı-ayrı detallarının izah edilməsini, materiala əlavələr etməkdən fərqləndirmək zəruridir. Materialla bağlı olmayan faktların yaxud fikirlərin əlavə edilməsi onun təhrif olunmasına gətirib çıxarır. Beşinci, tərcümə materialının təhrif olunmasıdır. Bu qüsur orijinalın qavranılması zamanı onun mətninin başa düşülməməsi nəticəsində meydana çıxır. Habelə, yuxarıda qeyd edildiyi kimi orijinala edilən lazımsız əlavələr də onun təhrif edilməsinə səbəb olur. Təhrifə gətirib çıxaran səbəbləri aradan qaldırmaq, tərcüməçinin birinci vəzifəsidir. Tərcümə zamanı tez-tez meydana çıxan vəziyyətlərdən biri də tərcüməçinin bu və ya digər sözün yaxud ifadənin ekvivalentinin tapılmasında çətinlik çəkməsidir. Əlbəttə bir dildə işlədilən söz və ya ifadənin digər dildə dəqiq və düzgün ifadə edilmiş ekvivalentinin olmaması hallarına təsadüf etmək mümkündür. Lakin bu vaxt orijinalda verilən fikri düzgün ifadə etmək üçün müvafiq vasitələr tapmaq lazımdır. Bunun üçün isə hər hansı dilin imkanları hədsizdir. Təfəkkürün elastikliyi, itiliyi sayəsində tərcüməçi vəziyyətdən çıxmağı bacarmalı, bilmədiyi söz və ifadələri başqa vasitələrlə əvəz etməlidir. Təsviri vasitələrlə tərcümə edərkən çox ehtiyatlı olmaq lazımdır. Xüsusilə böyük dəqiqlik tələb edilən terminə sahəsində işlərkən tərcüməçi şübhəli adekvat tərcümədən təsviri vasitələrlə tərcüməyə keçməyi bacarmalıdır. Təsviri vasitələrlə tərcümə tərcüməçinin fəaliyyətini ilk vaxtlarına daha çox təsadüf edir. Nəhayət şifahi tərcümənin tərtibi haqqında mülahizələrə yekun vuraraq, daha bir məsələyə toxunmaq lazımdır: Xarici dildən doğma dilə yazılı tərcümə adətən daha müvəffəqiyyətli olur. lakin şifahi tərcümə zamanı əksinə, vaxtın azlığı, nitqin bir dəfə eşidilməsi və s. ayrıca nitqi yaxşı qavramağa, təfəkkürü bir dildən digər dilə keçirməyə mane olur və tərcümə keyfiyyətli alınır. Sinxron tərcümə ilə məşqul olan tərcüməçi bu faktla daha tez-tez qarşılaşır. Bu onunla izah edilir ki, nitqi doğma dildə qəbul edərkən, tərcümənin tərtib edilməsi üçün aparılan hazırlıq işi daha az cəhd tələb edir. Beləliklə, şifahi tərcümənin tərtibi zamanı bütün yuxarıda qeyd edilən amillərin uyğunlaşdırılması, onlardan vaxtında və yerində istifadə edilməsi keyfiyyətli tərcümənin əsasıdır. SİNXRON TƏRCÜMƏ Müharibə illərindən sonra radio elektronikanın inkişafı sayəsində sinxron tərcümə geniş yayılmışdır. Hal-hazırda demək olar ki, heç bir beynəlxalq görüşü sinxron tərcümə olmadan təsəvvür etmək çətindir. Bu tərcümənin ardıcıl tərcümədən üstünlükləri çoxdur və bu haqda yuxarıda qısaca qeyd edilmişdir (vaxta qənaət, müxtəlif dillərdə danışan şəxslər arasında birbaşa əlaqə və s.). Sinxron tərcümə nisbətən az vaxt ərzində baş verir. Bu tərcümə hələ də «kamilləşmə dövrünü» keçirir. Buna görə də təbiidir ki, bu sahədə həll olunmamış məsələlər, aradan qaldırılmamış çətinliklər çoxdur. Beynəlxalq müşavirədə sinxron tərcümənin sxeması belə qurulur: Tutaq ki, natiq almanca danışır. Bu vaxt bir-birindən təcrid olunmuş ayrı-ayrı kabinadır (məs: ingilis, rus, fransız, ərəb, ibri, ispan d. və s.) birbaşa tərcümə edir. Belə sxema SSR-də ancaq o vaxt tətbiq edilir ki, natiq rusca danışmış olsun. Natiq hər hansı xarici dildə danışdıqda isə təxminən belə bir sxema tətbiq edilir. Tutaq ki, natiq ingiliscə danışır, bu zaman həmin nitq sinxron tərcümə ilə əsas kabinaya, bir növ baş tərcüməçi vasitəsilə tərcümə edilərək, elə o anda digər kabinalara (fransız, ərəb, ibri və s.) ötürülür. Həmin kabinalar da öz növbəsində ruscadan tərcümə edirlər. Belə tərcümə ikipilləli tərcümə adlanır. İkipilləli tərcümə göstərir ki, belə tərcümə orijinalın dəqiqliyini və həcmli surətdə pozulmasına gətirib çıxarır. Belə ki, tərcüməçi, məs. İngilis dilindən rus dilinə tərcümə edərkən, mətndə əhəmiyyət kəsb etməyi, yaxud ümumi fikrə xələl gətirməyən sözləri atır, mətni daha da yığcamlaşdırır. Həmin mətn (tərcümə) başqa kabinalara (eyni zamanda ümumi zala) ötürülür. Digər kabinalarda bu yığcam mətn tərcümə edilərkən tərcüməçinin işini çətinləşdirir. Belə ki, artıq o, əlində olan materialı vacib ixtisara məruz qoya bilmir. Əgər belə ixtisar baş verərsə, demək dinləyicilərə çatdırılan məlumat naqis olar. 2) Bilavasitə tərcümədən fərqli olaraq əlavə kabina vasitəsilə tərcümə (ikipilləli tərcümə) bütünlükdə həmin kabinadakı tərcüməçinin etdiyi tərcümənin keyfiyyətindən asılıdır. Əsas tərcüməçinin buraxdığı hər hansı bir səhv, aradakı hər hansı çatışmamazlıq, bir sözlə, məlumatın hər cür təhrif olunması bütün digər kabinalarda baş verir. 3) İkipilləli tərcümə əsas kabinada işləri tərcüməçi üçün əlavə çətinliklər yaradır. Belə ki, sinxron tərcümə, hətta ən təcrübəli tərcüməçi tərəfindən, sanki müəyyən fasilələrlə dalğavari surətdə verilir (natiqin səsi, nitqi ilə uyğunlaşdırılaraq). Belə tərcümə, eyni vaxtda nitqin qavranılması və digər dildə, verilməsi kimi iki çətin vəzifəni yerinə yetirən tərcüməçinin işini xeyli çətinləşdirir. Lakin əsas tərcüməçi kimi çıxış edərkən o, həmişə bu faktı nəzərə almalıdır ki, onun tərcüməsi tək və başqaları tərəfindən dinlənilir, eyni zamanda yenidən digər dildə əks edilir (başqa kabinalar vasitəsilə). Buna görə də o, tərcümənin eyni tonda olması onun fasiləsiz verilməsi qayğısına qalmasıdır. Tərcümə zamanı tez-tez bir dildən digər dilə keçmək (məsələn: ibri dilindən rus dilinə, rus dilindən ibri dilinə) də tərcüməçinin işini çətinləşdirir. Bütün bu xüsusiyyətlər məlum sıxıntı əmələ gətirir. Hətta ən təcrübəli tərcüməçilərin işini gərginləşdirir. 4) Xüsusiylə qısa dialoqlar, kiçik söhbətlər zamanı (məsələn: «Dəyirmi stol arxasında») ötürmə kataloqlarını tez-tez işə salma nəticəsində ciddi texniki çətinliklər meydana çıxır. Sinxron tərcümənin belə sxema üzrə aparılması, bizdə sinxron tərcüməçilərin hazırlanması ilə əlaqədardır. Bu tərcüməçilərə ancaq iki dil dairəsində fəaliyyət göstərirlər ki, bunlardan da biri hökmən rus dilidir. Əlbəttə, ana dilindən xarici dilə və əksinə tərcümə sahəsində tərcüməçilərin hazırlanması, iki xarici dil əsasında tərcüməçilərin hazırlaşmasından çox asandır. Sinxron tərcüməçi şifahi və yazılı tərcümənin bütün xüsusiyyətlərini bilməli, bütün tərcümə vərdişlərinə yiyələnməlidir. Hər bir dildə çox işlənən, fəal dil materialının daxil olan ifadə və birləşmələr vardır. Bu ifadə və birləşmələr, ibarələr müəyyən nitq şəraitində hazır şəkildə işlədilir. Bu zaman nitqin əsasını fikrin ifadə formasının bu və ya digər xüsusiyyətləri təşkil edir: xüsusi sintaktik quruluş, səs materialının qeyriadi təşkili, xüsusi predikativ birləşmə, uyuşma, ifadənin xarici quruluşu ilə onun məna quruluşu arasındakı ümumi uyğunsuzluq və s. Belə birləşmələr sabit birləşmələr adlanır. Belə birləşmələrin xüsusiyyəti bundadır ki, onlara müxtəlif şəraitdə öz formalarını qətiyyən bilmir ya da öz leksik tərkibini, ifadə tərzini azacıq surətdə dəyişə bilir. Funksional təsürata görə sabit söz birləşmələrinə atalar sözü və məsəllər (cümlə şəklində), müxtəlif danışıq ifadələri, publisistik elmi-texniki ifadə və formullar, qanadlı sözlər, şüarlar, əmrlər və s. daxildir. ADEKVAT TƏRCÜMƏ. FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN TƏRCÜMƏSİ ZAMANI EKVİVALENTLİK Yuxarıda qeyd etdiyimiz kimi orijinala ən çox uyğun gələn, ona təxminən bərabər olan tərcümə adekvat tərcümədir. Xüsusilə frazeoloji birləşmələrin tərcüməsi zamanı belə tərcümə daha çox əhəmiyyət kəsb edir. Tərcüməçi öz fəaliyyəti ərzində hər bir frazeoloji birləşmənin bu və ya digər şəraitdə yaxud bu və ya digər yazıçı tərəfindən işlədilməsi ilə əlaqədar olaraq müxtəlif məna çalarlığı kəsb etdiyinin şahidi ola bilər. Məlumdur ki, frazeoloji lüğətlərdə bu birləşmələrin ancaq ümumiləşdirilmiş, əsas və konkret mənaları verilir. Tərcüməçinin birinci vəzifəsi məhz orijinallı tərcüməni üslub cəhətdən uyğunlaşdırmaq, birləşmənin mətn daxilində ifadə etdiyi məna çalarlığını dəqiq təyin etməkdir. Tərcümənin orijinalla uyğunluğu, başqa sözlə onun adekvat xarakterini saxlamaq üçün tərcüməçi müxtəlif vasitələrlə əlamətlərin, daha doğrusu frazeoloqizmin lüğətdən götürülmüş mənaları ilə onun tərcümədə özünü göstərən əlamətlərinin uyğunlaşdırmağı bacarmalıdır. Birləşmənin mənaları və onun üslub xüsusiyyətləri müqayisə edilməlidir. Əlbəttə frazeoloji birləşmələr sahəsində həmişə ekvivalentlik və onların hər iki dildə tam uyğunluğunu axtarmaq düzgün olmazdı. Belə bir ekvivalentliyə çox nadir hallarda təsadüf edilir, belə ki, müxtəlif dillər öz dil qohumları əsasında inkişaf edir lakin frazeoloqizmin bütün göstəriciləri və mənaları içərisində ən başlıcalarını seçmək olar ki, bunların da uyğunlaşdırılması və əvəz edilməsi adekvat tərcümənin meyarı sayıla bilər. Mətn daxilində frazeoloji birləşmənin işlədilməsi onun əsas mənasına müəyyən təsir göstərməyə bilməz. Bu vaxt tərəflərdən hər hansı birinin mənasının (birləşmənin əsas mənasında) gücləndirilməsi, konkretləşdirilməsi məqsədilə frazeoloji birləşmə öz formasını müəyyən dərəcədə dəyişə bilər. Frazeoloji birləşmənin əlamət və göstəriciləri bir-biri ilə sıxı surətdə bağlıdır. Birləşmə bir neçə cür ifadə edilə bilərsə bununla yanaşı müxtəlif emosional istiqamət ala bilər. Müxtəlif vasitələrlə verilən emosional təsir dinləyicidə də müvafiq əhval ruhiyyə əmələ gətirir-gülüş, istehza, qəzəb, pərtlik və s. Başqa sözlə tərcüməçinin təcrübəsi göstərir ki, tərcümənin adekvatlığını saxlamaq üçün frazeoloji birləşmənin emosional xüsusiyyətlərinin də uyğunlaşdırılması əsas şərtdir. Beləliklə, tərcümənin adekvatlığı frazeoloji birləşmənin əsas mənaları, onların işlədilmə formaları emosional və üslub xüsusiyyətləri kimi əsas əlamət və göstəricilərinin uyğunlaşdırılması deməkdir. Tərcümənin adekvatlığının təmin edilməsi üçün müxtəlif dillərdə kifayət qədər uyğun göstəricilər vardır. Referatlaşdırma, onun mahiyyəti Və növləri Dilçilik elminin digər nəzəri fənnləri kimi referatlaşdırmanın da mahiyyəti və növləri vardır. Bir çox dilçi alimlər referatlaşdırmamanın mahiyyətini aşağıdakı kimi müəyyənləşdirirlər: Referantın aldığı tapşırığa müvafiq olaraq ona verilmiş materialın məzmununu qısa və ümumiləşdirilmiş şəkildə ifadə olunmasından ibarətdir. Referentə verilən tapşırıq isə adətən müxtəlif olur. Belə tapşırıqlar tək, birdəfəlik olub bu və ya digər mənbə ilə məhdudlaşa bilər. Yaxud uzun müddətli və ya daimi olub, silsilə mənbələrlə, məs: dövri mətbuatla əlaqədar ola bilər. Referatın vəzifəsi, mahiyyəti materialı əvəz etməkdir. O bu vəzifənin öhdəsindən o vaxt gələ bilər ki, aşağıdakı tələblərə cavab vermiş olsun: 1. Referat referatlaşdırılmış materialdan qısa və yığcam olmalıdır ki, bu da az müddət ərzində onunla yaxından tanış olmağa imkan verir. Deməli referatlaşdırma vaxta qənaət edilməsinə kömək edir. Referanta verilmiş materialın qısa və yığcamlığı onu öz fəaliyyətinə aid hər şeyi bilməli olan dövlət xadimi, nazir, böyük alim, məsul işçi və s. üçün əvəzsiz edir. Çünki belə adamlar hər şeydən əvvəl fiziki cəhətdən belə işin öhdəsindən gələ bilmirlər. Həm də təqdim edilən material müxtəlif dillərdə ola bilər. 2. Qısalığına və yığcamlığına baxmayaraq referat orijinalı tam əks etdirməlidir. Bu da ümumiləşdirmək, lazımsız yerəlri ixtisar etmək və s. yollar ilə əldə edilir. Referat materialdakı yeniliyi, məsələnin məğzini, ideyasını əhatə etməli və onu əks etdirməlidir. 3. Referatda həmçinin materialın ümumi qiyməti verilməlidir. Referatda materiala tənqidi qiymət verilir. Referatların növləri Referatlar bir-birindən həm materialın ifadə tərzi, həmçinin həcmi və məzmununa görə fərqlənir. Materialın mühüm cəhətlərini faktlarla, o cümlədən tarixi faktlarla əks etdirən referatlar «konspekt-referat» adlanır. Burada əsas cəhətlərə diqqət yetirilir. Nəticələrə təsiri olmayan az əhəmiyyətli məsələlər atılır, hamıya bəlli olan məlumatlar, hadisələr ötürülür, nəticədə referat-konspekt kifayət qədər dolğun olur, materialı əvəz edə bilən bir xülasəyə çevrilir. Ümumiləşdirmə referatlaşdırma işində ən çətin və məsuliyyətli işdir. Referatlaşdırmanın ikinci növü «referat-xülasə»dir. Belə referatlarda ancaq ən vacib məsələlər qeyd olunur. Bunlar referat-konspektlərdən daha müxtəsər olur. Referat-xülasənin hazırlanmasında daha yüksək ümumiləşdirmə bacarığı tələb olunur. Mənbələr, mənbələrin miqdarına və sayına görə referatlar aşağıdakı növlərə ayrılır: 1. Monoqrafik referat 2. Məcmu referat 3. İcmal referat Adından göründüyü kimi monoqrafik referat bir material əsasında tərtib olunur. Belə material monoqrafiya, əsər, məruzə, hətta böyük məqalə ola bilər. Materialın bir hissəsi, referatlaşdırılmasa, referatın mövzusu həmin hissənin məzmunu ilə müəyyənləşdirilir. Materialın tam referatlaşdırılmasına monoqrafik referat, onun bir hissəsinin referatlaşdırılmasına isə seçmə referat deyilir. Məcmu referatlara gəlincə onlar bir neçə mənbə, kitab, braşüra və s. əsasında tərtib olunur. Referatın mövzusu adətən sifarişçi tərəfindən müəyyənləşdirilir. Verilmiş mövzu əsasında müəyyən mənbələrdən material toplanır, cəmləşdirilərək referatlaşdırılır. Monoqrafik referatlar kimi məcmu referatlarlada işləyən mütəxəssis vaxta qənaət edir və referatın göstəricilərindən faydalanır. Məcmu referatın hazırlanmasının əsas çətinliyi verilmiş mövzu ətrafında üslubca və xüsusiyyətcə bir-birindən xeyli fərqli müxtəlif mənbələrdən lazım materialı toplamaq, qruplaşdırmaq və ümumiləşdirmək sahəsində özünü göstərir ki, bu da onun hazırlanmasında əsas amillərdəndir. Məcmu referatın hazırlanması zamanı referent mənbələrdəki materiallarda bir-birinə zidd faktlar, təkrarlar və s. ilə rastlaşa bilər. Bütün bu hallarda referent öz işini mexaniki şəkildə deyil, daxili ümumiləşdirmə yolu ilə görməlidir. Məcmu referat çox vaxt dövrü mətbuat əsasında hazırlanır. Ona görə də belə referatların hazırlanması monoqrafik referatın hazırlanmasından çətindir. İcmal referat məcmu referatdan daha bəsit olur. icmal referatlar üçün material adətən referentin özü tərəfindən seçilir. Bu referat da əsasən dövri mətbuat əsasında tərtib olunur. İcmal referatlar monoqrafik və məcmu referatlardan daha konkret olması ilə fərqlənir və məlumat xarakteri daşıyır. İcmal referatlar annomasiyalar (qısa xülasə) əsasında tərtib olunur. Annotasiya isə sırf informatik və biblioqrafik xüsusiyyət daşıyan materiala deyilir. Referatdan fərqli olaraq annotasiya materialı əvəz edə bilməz. O bu və ya digər mövzuya aid, materialın olub-olmaması, harada yerləşməsi və məzmunu barədə qısa məlumat verməyə xidmət edir. Annotasiyalar təsviredici və referativ olmaqla iki yerə bölünür. Birincilər yalnız materialın məzmununu səciyyələndirir.
@müəllif:
Hüseynbalayeva Təranə Həsənağa qızı Tərcümə nəzəriyyəsi fənnindən mühazirələr
Comments